Hüquqi şəxsin ayrılması

Hüquqi şəxsin ayrılması

Hüquqi şəxsin ayrılması

Ümumi məlumat

Təcrübədə tez-tez rastlaşılan hallardan biri hüquqi şəxsin yenidən təşkilidir. Hüquqi şəxsin yenidən təşkili dedikdə hüquqi şəxslərin birləşməsi, bir hüquqi şəxsin digərinə qoşulması, bir hüquqi şəxsin iki və ya daha çox hüquqi şəxslərə bölünməsi, hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması və hüquqi şəxsin təşkilati-hüquqi forması dəyişdikdə isə onun çevrilməsi başa düşülür. Bu məqaləmizdə hüquqi şəxsin ayrılması barədə bəhs ediləcək.

Ayrılma zamanı yerinə yetirilməli olan hərəkətlər

Ayrılma zamanı şirkət öz fəaliyyətini dayandırmır, onun tərkibindən bir və ya bir neçə yeni şirkət yaradılır və mövcud hüquq və öhdəliklərin bir hissəsi yeni yaradılan şirkətə və ya şirkətlərə ötürülür. Yeni şirkət və ya şirkətlər dövlət qeydiyyatına alındığı andan şirkət yenidən təşkil edilmiş sayılır.

Şirkətin tərkibindən bir və ya bir neçə şirkət ayrıldıqda, yenidən təşkil edilmiş şirkətin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Şirkətin yenidən təşkil edilməsi haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya şirkətin nizamnaməsi ilə vəkil edilmiş orqanı tərəfindən təhvil aktı və bölünmə balansı təsdiq edilir, nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur.

Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş şirkətin bütün kreditorları və borcluları barəsində öhdəliklərin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur.

Bundan başqa, ayrılma zamanı ayrılma barədə qərar qəbul etmiş təsisçilər (iştirakçılar) və ya şirkətin nizamnaməsi ilə vəkil edilmiş orqanı ayrılma barədə şirkətin kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. Belə olduğu təqdirdə isə, kreditorun ixtiyarı vardır ki, şirkətin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin.

Bölünmə balansı ilə yenidən təşkil edilmiş şirkətin hüquqi varisini müəyyən etmək mümkün olmadığı təqdirdə isə, yeni yaranmış şirkət yenidən təşkil edilmiş şirkətin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Yuxarıda qeyd olunanlar şirkətin könüllü qaydada yenidən təşkili halına aiddir. Bəzi hallarda isə şirkətin yenidən təşkili məcburi qaydada həyata keçirilir. Belə ki, mülki qanunvericiliyə əsasən qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. Bu zaman, məhkəmə məhkəmə tərəfindən kənar idarəçi təyin olunur və hüquqi şəxsin yenidən təşkili kənar idarəçiyə tapşırılır. Kənar idarəçi təyin edildiyi andan şirkəti idarə etmək səlahiyyəti ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır.

Könüllü qaydada olduğu kimi, məcburi qayda da kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludur.

* * * * * * * * * * * * * * * * * * * * * * * * ** * *

Qeyd: Bu məqaləni təşkil edən məlumatlar hüquqi məsləhət və ya hüquqi rəy kimi şərh edilməməlidir.

Hüquqi şəxslərin yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) ilə bağlı Şirkətimiz bütün peşəkar hüquqi xidmətləri göstərir. Bu sahədə Şirkətimiz məmnuniyyətlə sizə dəstək verməyə hazırdır.

Əlavə sual və məlumat üçün bizimlə əlaqə saxlayın:

Email: office@bonafide.az; Tel:+994125973047; Whatsapp:+994707103785;